WWW.ADV.AZ
ADVERTISING AGENCY
ƏSAS > HÜQUQİ BAZA > Reklam haqqında Azərbaycan Respublikasının Qanunu

HÜQUQİ BAZA

Reklam haqqında Azərbaycan Respublikasının Qanunu

 

Reklam haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 26-cı bəndlərinə uyğun olaraq, reklamın sifarişi, istehsalı (hazırlanması) və yayımlanması sahəsində münasibətlərin, onlara nəzarətin və tənzimləmənin, həmçinin reklam sahəsində özünütənzimləmənin hüquqi əsaslarını müəyyən edir.[1]

 

1-ci fəsil

Ümumi müddəalar

 

Maddə 1. Qanunun tətbiqi dairəsi

 

1.1. Bu Qanun Azərbaycan Respublikasının ərazisində reklam fəaliyyətinin subyektləri arasında reklamın sifarişi, istehsalı, yayımı, istehlakı ilə bağlı yaranan münasibətlərə tətbiq edilir.

1.2. Bu Qanun siyasi reklama, istehlakçılara çatdırılması “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş, habelə malın qabı üzərində onun istehsalçısı, idxalçısı yaxud ixracatçısı, malın adı, növü, tərkibi və istifadə qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri barədə məlumatlara, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlarına, əmtəənin bazarda satılması məqsədi daşımayan və sosial reklam olmayan redaksiya-nəşr, sorğu-informasiya və analitik materiallarına, dövlət orqanlarının, bələdiyyələrin reklam xarakteri daşımayan və sosial reklam olmayan məlumatlarına, reklam xarakterli məlumatlar yerləşdirilməyən lövhələrə və göstəricilərə, elm, ədəbiyyat, incəsənət əsərlərinə şamil olunmur.

 

Maddə 2. Əsas anlayışlar

 

2.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:

2.0.1. reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat;

2.0.2. reklam fəaliyyəti - reklam istehlakçısının diqqətini reklam obyektinə cəlb etmək məqsədi ilə reklamvericinin, reklam yaradıcısının, reklam istehsalçısının, reklam agentinin və reklam yayıcısının hərəkətlərinin məcmusu;

2.0.3. reklam obyekti – reklam olunan mallar, işlər və xidmətlər (bundan sonra - əmtəə), onun fərdiləşdirilmə vasitələri, həyata keçirilən kommersiya və qeyri-kommersiya xarakterli tədbirlər;

2.0.4. reklamın subyektləri – reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam agenti, reklam yayıcısı və reklam istehlakçısı;

2.0.5. reklamverici – reklam obyektinin reklamının yaradılmasını, istehsalını, yayımını sifariş edən, maliyyələşdirən və reklamın məzmununu təyin edən şəxs;

2.0.6. reklam yaradıcısı – reklamın ümumi tərtibatını, o cümlədən rəng çalarlarını, səs müşayiətini, obrazlarını yaradan fiziki şəxs;

2.0.7. reklam istehsalçısı – məlumatı reklam formasında yayımlamaq üçün bütövlüklə yaxud qismən hazırlayan şəxs;

2.0.8. reklam agenti – reklamverici, reklam yaradıcısı və reklam istehsalçısı ilə müqavilə əsasında onların adından fəaliyyət göstərən fiziki və hüquqi şəxs;

2.0.9. reklam yayıcısı – reklamı bu Qanunda nəzərdə tutulmuş qaydada, müxtəlif forma, üsul və vasitələrlə yayımlayan şəxs;

2.0.10. reklamın istehlakçısı – diqqəti reklam obyektinə cəlb edilən fiziki şəxs;

2.0.11. reklam daşıyıcısı - reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan daşınmaz və daşınar əmlak, ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları, nəqliyyat vasitələri, kütləvi informasiya vasitələri, kino, video, audio materiallar və çap məhsulları, telekommunikasiya qurğuları və poçt göndərişləri.

 

Maddə 3. Azərbaycan Respublikasının reklam haqqında qanunvericiliyi

 

3.1. Azərbaycan Respublikasının reklam haqqında qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, reklamı bu Qanuna uyğun tənzimləyən normativ hüquqi aktlardan, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarından və bu Qanundan ibarətdir.

3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda göstərilənlərdən fərqli qaydalar nəzərdə tutulduqda, həmin müqavilələrdə təsbit olunan qaydalar tətbiq edilir.

 

Maddə 4. Reklama dair ümumi tələblər

 

4.1. Reklam bu Qanunla qadağan edilməyən üsul və vasitələrlə reklam istehlakçılarının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır.

4.2. Reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir.

4.3. İstehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda, reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir.

4.4. Reklam dövlət əleyhinə yönələn açıq çağırışlara, dövlətə xəyanətə, terrorçuluğa, zorakılığa, təcavüzə, milli mənəvi dəyərlərə, insanların həyat və sağlamlığına, şərəf və ləyaqətinə, dini və siyasi əqidəsinə, ictimai təhlükəsizliyə, ətraf mühitə ziyan vura biləcək hərəkətlərə təhrik etməməlidir. Reklamda Azərbaycan Respublikasının dövlət rəmzlərinin və atributlarının təhrifinə, etik normalara zidd hallara yol verilməməlidir.

4.5. Reklamda əmtəənin dövlət və yerli özünüidarəetmə orqanları, dövlət mülkiyyətində yaxud asılılığında olan kommersiya və qeyri-kommersiya təşkilatları, publik hüquqi şəxslər,büdcədənkənar fondlar və ya onların vəzifəli şəxsləri tərəfindən dəstəklənməsinə yol verilmir. [2]

4.6. Narkotik vasitələrin, psixotrop maddələrin, pornoqrafiyanın, tütün və tütün məmulatlarının və bu Qanunla reklamı qadağan olunan digər məhsulların reklamına yol verilmir.

4.7. Reklamda “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət edilməlidir. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır. Mətnində digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alındığı formada göstərilməlidir.

4.8. Reklam qurğuları insanların rahatlığını pozmamalı, nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratmamalı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş texniki tələblərə cavab verməlidir. Reklam qurğusundan yalnız reklamın yayımlanması məqsədi ilə istifadə oluna bilər.

4.9. Reklamda yalnız Azərbaycan Respublikası ərazisində tətbiqinə icazə verilmiş ölçü vahidlərindən istifadə olunmalı, əmtəələrin qiyməti Azərbaycan Respublikasının pul vahidi (rüsumsuz ticarət mağazaları istisna olmaqla) ilə göstərilməlidir.

 

Maddə 5. Reklama müəlliflik hüququ

 

Reklam “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan şərtlər hüdudunda müəlliflik hüququ və əlaqəli hüquqların obyektidir.

 

Maddə 6. Haqsız reklam

 

6.1. Reklam aşağıdakı hallarda haqsız hesab edilir:

6.1.1. reklam olunan əmtəə ilə eyni funksiyaları yerinə yetirən yaxud yetirə bilən, başqa istehsalçıların yaxud satıcıların əmtəəsinin keyfiyyət və (və ya) kəmiyyət göstəriciləri arasında digər bazar iştirakçılarının adını çəkməklə və (və ya) əmtəəni göstərməklə müqayisə aparıldıqda;

6.1.2. müxtəlif vasitələr və (və ya) üsullarla bazar rəqibinin şərəf və ləyaqəti, işgüzar nüfuzu aşağılandıqda;

6.1.3. əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verildikdə;

6.1.4. reklam olunan əmtəədən istifadə etməyən və ya rəqiblərin əmtəəsindən istifadə edən şəxslərə istehza olunmaqla, başqa şəxslərdə onlara qarşı mənfi rəy formalaşdırmağa cəhd olunduqda;

6.1.5. müəlliflik hüquqlarından və əlaqəli hüquqlardan qeyri-qanuni istifadə olunduqda, başqa əmtəələrin reklam materiallarının plagiatçılığına yol verildikdə;

6.1.6. reklam edilən əmtəə başqa istehsalçıların və satıcıların əmtəəsinə çaşqınlıq yarada biləcək dərəcədə bənzədildikdə;

6.1.7. reklam edilən əmtəənin sağlamlığa və ətraf mühitə mənfi təsiri barədə məlumatlar qəsdən gizlədildikdə;

6.1.8. reklam qadağan olunmuş vasitələr və (və ya) üsullarla, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun müəyyən etdiyi yerlərdən kənarda, bu Qanunla müəyyən olunmuş vaxtdan əvvəl yaxud sonra yayımlandıqda;[3]

6.1.9. reklamı konkret üsulla, konkret vaxtda və (və ya) yerdə qadağan olunmuş əmtəənin yaxud onun əmtəə nişanının, habelə onunla qarışdırıla biləcək dərəcədə yaxın olan əmtəə nişanının reklamından istifadə edildikdə.

6.2. Haqsız reklama yol verilmir.

 

Maddə 7. Qeyri-dəqiq reklam

 

7.1. Aşağıdakılar barədə məlumatları təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks edən reklam qeyri-dəqiq hesab olunur:

7.1.1. əmtəənin istehsalçısı, satıcısı və mənşəyi;

7.1.2. əmtəənin bazarda mövcudluğu, onun göstərilən miqdarda, vaxtda və yerdə əldə edilməsi imkanları;

7.1.3. əmtəənin təyinatı, tərkibi, istehlak xassələri, o cümlədən, istifadə şəraiti, dəstləşdirilməsi, istehsal olunduğu vaxt, yararlılığının son tarixi və istifadə müddəti;

7.1.4. reklam edilən vaxt əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri;

7.1.5. əmtəənin istehlakçıya çatdırılmasının, keyfiyyətinə zəmanət verilməsinin, satışdan sonra servis xidmətlərinin göstərilməsinin, dəyişdirilməsinin, geri qaytarılmasının şərtləri və müddəti;

7.1.6. əmtəənin istehsalına (satışına) verilmiş lisenziyanın, uyğunluq sertifikatının mövcudluğu, layiq görüldüyü mükafatlar;

7.1.7. dövlətlərin və beynəlxalq təşkilatların rəsmi rəmzlərindən, hüquqi şəxslərin əmtəə nişanlarından, şəxslərin əqli mülkiyyət hüquqlarından istifadəyə hüququn olması;

7.1.8. əmtəənin tədqiqinin və sınağının nəticələri;

7.1.9. reklam olunan əmtəə barədə əlavə məlumatların alınmasının mümkünlüyü;

7.1.10. reklam edilən əmtəənin reklamvericisi, onun reklamının yaradıcısı, istehsalçısı, agenti, yayıcısı;

7.1.11. lotereyaların, müsabiqələrin, oyunların, o cümlədən idman mərc oyunlarının və digər tədbirlərin şərtləri, qaydaları və müddətləri, uduşların məbləği və hədiyyələr, onların verildiyi yer və əldəetmə qaydaları, bu cür tədbirlər haqqında məlumat verən mənbə.

7.2. Qeyri-dəqiq reklama yol verilmir.

 

Maddə 8. Gizli reklam

 

8.1. Reklam istehlakçısının şüuruna təsir göstərməklə, diqqətini reklam obyektinə cəlb etmək üçün reklam daşıyıcılarında reklam qismində təqdim edilmədən, “reklam” yaxud “reklam hüququ əsasında” qeydi olmadan verilən məlumat gizli reklamdır.

8.2. Gizli reklama yol verilmir.

 

Maddə 9. Reklamın təkzib edilməsi

 

9.1. Reklamın təkzib edilməsi haqsız, qeyri-dəqiq və gizli reklamın mənfi nəticələrinin qarşısının alınması və aradan qaldırılması üçün bu Qanunun tələblərini pozmuş reklam fəaliyyətinin subyekti tərəfindən verilir.

9.2. Bu Qanunun tələblərini tələblərini pozmuş reklam fəaliyyətinin subyekti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddət ərzində reklamı təkzib etməyə borcludur. Bunun üçün tələb olunan bütün xərclər qanunu pozmuş reklam fəaliyyətinin subyekti tərəfindən ödənilir.

9.3. Reklamın təkzib edilməsi obyektivliyinin təmin olunması üçün onun yayımlanma vaxtı, davamiyyəti, yeri, vasitələri haqsız, qeyri-dəqiq və gizli reklamın göstəriciləri ilə bərabər olmalı, məzmunu müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Reklamın təkzib edilməsinin vaxtı, davamiyyəti, vasitələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaxud onunla razılaşdırılmaqla dəyişdirilə bilər.

9.4. Reklamın təkzib edilməsini müəyyən olunmuş müddət ərzində təmin etməyən reklam fəaliyyətinin subyektinin reklam sahəsində fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında reklam təkzib edilənədək dayandırıla bilər. Bu halda müvafiq icra hakimiyyəti orqanı reklam fəaliyyətinin həmin subyekti ilə həmin reklam sahəsində müqavilə bağlamış bütün tərəflərə məlumat verir.

9.5. Haqsız, qeyri-dəqiq və gizli reklam nəticəsində reklam istehlakçısına dəyən zərər məhkəmənin qərarı ilə təqsirkar bilinmiş reklam fəaliyyətinin subyekti tərəfindən ödənilir.

9.6. Bu Qanunda nəzərdə tutulan halda reklamı təkzib etməyən və ya təkzibi yayımlama şərtlərinə əməl etməyən reklam fəaliyyətinin subyekti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyır.

 

Maddə 10. Sosial reklam

 

10.1. Sosial reklam - insanların şüurunda ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına və təkmilləşdirilməsinə, onların diqqətinin cəmiyyətdəki sosial məsələlərə, mədəni irsi qorumağa cəlb edilməsinə yönəlmiş, maarifləndirmə və xeyriyyəçilik məqsədi daşıyan qeyri-kommersiya xarakterli məlumatdır.

10.2. Sosial reklamın sifarişçiləri dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərdir.

10.3. Sosial reklamda çətin vəziyyətdə yaxud müalicəyə ehtiyacı olan fiziki şəxslər, habelə reklamvericinin adı istisna olmaqla, reklam istehsalçısının, reklam agentinin, reklam yayıcısının adı, maarifləndirmə və xeyriyyəçilik fəaliyyətinə dair məlumatlar verilə, əmtəələri, əmtəə nişanları və loqotipləri göstərilə bilməz.

10.4. Sosial reklamın reklamvericisinin reklam istehsalçısı, reklam yayıcısı və reklam agenti ilə, habelə reklam istehsalçısı yaxud reklam agentinin reklam yayıcısı ilə münasibətləri müqavilə ilə tənzimlənir. Sosial reklam dövlət və ictimai yayımçılar tərəfindən ödənişsiz yayımlanır.

10.5. Mülkiyyət formasından asılı olmayaraq, hər bir reklam yayıcısı televiziya və radio yayımı zamanı reklam üçün ayrılan efir vaxtının, nəşrlərdəki reklam yerlərinin və reklam qurğularının ümumi sahəsinin ən azı səkkiz faizini sosial reklam üçün ayırmağa borcludur. Sosial reklam efirdə məzmununa uyğun olaraq saat 9.00-dan 00.00-a qədər olan müddət ərzində yayımlanmalıdır.

10.6. Televiziya və radioda yayımlanan sosial reklamın müddəti reklam üçün ayrılan ümumi efir vaxtına daxil edilmir.

 

Maddə 11. Reklamı qadağan olunmuş əmtəələr

 

11.1. Azərbaycan Respublikasının ərazisində mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların, habelə reklam istehlakçısının mənəviyyatına, fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərən, onda zərərli vərdişlər aşılayan, ictimai təhlükəsizlik, ətraf mühit üçün təhlükə potensialı olan əmtəələrin və hərəkətlərin reklamı qadağandır.

11.2. Reklamı qadağan olunan əmtəələrin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir və dövrü nəşrlərdə dərc etdirir.

 

Maddə 12. Reklamda yetkinlik yaşına çatmayanların müdafiəsi

 

12.1. Yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsirin qarşısını almaq məqsədi ilə reklamda aşağıdakılar qadağan olunur:

12.1.1. valideynlərin, qəyyumların, himayəçilərin, tərbiyəçilərin və başqa şəxslərin nüfuzuna xələl gətirən, onlara olan etibarı zəiflədən məlumatların verilməsi;

12.1.2. başqa şəxsə münasibətdə kobudluğun, nifrət hissinin, təcavüzkarlığın, zərərli vərdişlərin aşılanması;

12.1.3. qüvvətləndirici və fərqləndirici sözlər vasitəsilə ailənin maddi vəziyyətindən asılı olmayaraq əmtəənin əldə edilməsinin mümkünlüyü fikrini yaratmaqla, valideynlərin və başqa şəxslərin bu əmtəəni almağa vadar edilməsinə yönəlmiş məlumatlar;

12.1.4. həyat və sağlamlıq üçün təhlükəli olan hərəkətləri nümayiş etdirməklə, onların təkrarlanmasına sövqetmə;

12.1.5. yetkinlik yaşına çatmayanlara aid olmayan əmtəənin reklamının onlar üçün nəzərdə tutulmuş kütləvi informasiya vasitələrində, teleradio proqramlarında (verilişlərində) yerləşdirilməsi;

12.1.6. yetkinlik yaşına çatmayanlara ünvanlanan yaxud onların iştirakı ilə yayımlanan reklamlarda uşaqların maraqlarına zərbə vuran ünsürlərdən istifadə olunması;

12.1.7. yetkinlik yaşına çatmayanların psixoloji gərginlik yarada biləcək vəziyyətlərdə göstərilməsi.

12.2. Yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz.

 

Maddə 13. Sponsor və sponsor reklamı

 

13.1. Sponsor - idman, mədəni-kütləvi və digər tədbirlərin təşkili və (və ya) keçirilməsi, elektron informasiya vasitələrində proqramın (verilişin) yaradılması və (və ya) yayımlanması, habelə əqli fəaliyyətin başqa nəticələrindən istifadə olunması üçün könüllü maliyyə vəsaiti və (və ya) digər maddi vəsait ayıran yaxud ayrılmasını təmin edən ºəxsdir.

13.2. Sponsor reklamı – şəxsin sponsor qismində göstərilməsi şərti ilə yayımlanan reklamdır. Sponsor reklamında yalnız sponsorun adı, fəaliyyət sahəsi və əmtəəsi haqqında məlumat, əmtəə nişanı, firmanın loqosu, qaçan sətirlə göstərilməklə, vizual yaxud audio vasitələrlə təqdim oluna bilər. Televiziya və radioda verilən sponsor reklamında bu məlumatların ümumi həcmi hər bir proqramda (verilişdə) 2 dəqiqədən çox olmamalıdır.

13.3. Tündlüyü 5 faizdən çox olan alkoqollu içkilərin istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər bu Qanunun 27.1.9-cu maddəsində göstərilən vaxt məhdudiyyəti nəzərə alınmaqla sponsor qismində göstərilə bilər.

13.4. Bu Qanunla reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməz.

13.5. Əmtəə sponsor qismində göstərilə bilməz.

13.6. Sponsor reklamı sponsorla reklam istehsalçısı, reklam agenti və (və ya) reklam yayıcısı arasında bağlanılan müqavilə əsasında hazırlanır və (və ya) təqdim olunur.

13.7. Sponsor reklamında "sponsor" sözünün başqa anlayışlarla əvəz olunmasına yol verilmir.

 

Maddə 14. Məsafədən satış üsulu ilə satılan malların reklamı

 

14.1. Məsafədən, yəni satıcı ilə alıcı arasında birbaşa təmas olmadan, alıcıya əmtəə ilə bilavasitə tanış olmaq imkanı verilmədən (kataloqlar, prospektlər, bukletlər, elektron ticarət vasitələri) satılan əmtəənin reklamında onun satıcısı barədə aşağıdakı məlumatlar verilməlidir:

14.1.1. hüquqi şəxsin adı, ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

14.1.2. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin adı, soyadı, atasının adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

14.1.3. əlaqə məlumatları (telefon, faks, elektron poçt ünvanı).

14.2. Satıcı alıcı ilə müqavilə bağlamazdan əvvəl Azərbaycan Respublikasının Mülki Məcəlləsi və bu Qanunla müəyyən olunmuş məlumatları alıcıya bildirməlidir.

14.3. Məsafədən satış zamanı əmtəə endirimli qiymətlə təqdim edildikdə, reklamda endirimdən əvvəlki və sonrakı qiymətlər barədə məlumatlar reklam istehlakçısına çatdırılmalıdır.

 

Maddə 15. Əmtəə satışını stimullaşdıran tədbirlər haqqında reklam

 

15.1. Əmtəə satışını stimullaşdıran tədbirlər haqqında reklam müəyyən əmtəəni əldə etmiş alıcılar arasında lotereya, müsabiqə, oyun və digər tədbirlərin keçirilməsi haqqında məlumatdır.

15.2. Əmtəə satışını stimullaşdıran tədbirlər haqqında reklamda lotereyanın, müsabiqənin, oyunun və digər tədbirlərin keçirilməsinin şərtləri, vaxtı və müddəti, uduş fondu, uduşların verildiyi yer və vaxt, alınması şərtləri, onların təşkilatçısı barədə məlumatlar əks olunmalı yaxud səsləndirilməlidir.

15.3. Əmtəə satışını stimullaşdıran tədbirlərdə müəyyən əmtəəni satın alana hədiyyə qismində tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilər, tütün və tütün məmulatları təklif oluna bilməz.

15.4. Tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkiləri, tütün və tütün məmulatlarını alanlara hədiyyə qismində başqa əmtəələrin təklifi qadağandır.

 

Maddə 16. Əmtəənin qiymətinin dəyişməsi haqqında reklam

 

16.1. Əmtəənin qiymətinin dəyişməsinin reklamında aşağıdakı məlumatlar göstərilməlidir:

16.1.1. qiymətin dəyişməsi kampaniyasının başlanma tarixi, müddəti;

16.1.2. qiyməti dəyişdirilən əmtəələrin siyahısı;

16.1.3. qiyməti dəyişdirilən əmtəənin mövcud qiyməti.

16.2. Reklamda əmtəənin qiymətinin əvvəlki qiymətlə müqayisədə mütləq yaxud nisbi ifadə ilə dəyişməsi qeyd olunmalıdır.

 

Maddə 17. Reklamda müqavilə bağlamaq haqqında açıq təklif (oferta)

 

17.1. Reklamda müqavilə bağlamaq üçün açıq təklif (oferta) və onun nəticələri, oferent və akseptant arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

17.2. Oferta hesab edilmiş reklamın qüvvədəolma müddəti reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı və ya reklam agenti ilə reklam yayıcısı arasında bağlanılan müqavilədə müəyyən olunur.

 

Maddə 18. Reklam materiallarının saxlanma müddəti

 

Reklam materialları (surətləri), habelə onlara edilən dəyişikliklər, reklamın istehsalına, yerləşdirilməsinə və yayımına dair müqavilələr reklamın son yayımından və ya müqavilə müddətinin bitdiyi tarixindən etibarən reklamvericidə, reklam yaradıcısında, reklam istehsalçısında, reklam agentində və reklam yayıcısında azı bir il müddətində saxlanmalıdır.

 

Maddə 19. Reklamverici tərəfindən sənədlərin təqdim olunması

 

19.1. Reklamverici reklam yaradıcısı, reklam istehsalçısı və ya reklam agenti tərəfindən reklamda əks olunacaq (yayımlanacaq) məlumatların həqiqiliyini təsdiqləyən sənədləri, həmin şəxslər tələb etdikdə, təqdim etməyə borcludur.

19.2. Reklamverici bu Qanunun 19.1-ci maddəsinə uyğun olaraq tələb olunan sənədləri təqdim etmədikdə, reklam yaradıcısı, reklam istehsalçısı, reklam agenti və reklam yayıcısı onunla müqavilə bağlamaqdan imtina edir.

19.3. Reklamverici xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növü üzrə əmtəənin reklamı zamanı re

ÇAP VERSİYASI