WWW.ADV.AZ
ADVERTISING AGENCY
ƏSAS > HÜQUQİ BAZA > Reklam yayımına icazə (razılıq) verilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

HÜQUQİ BAZA

Reklam yayımına icazə (razılıq) verilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları»nın təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qəbul edilmişdir: 3 noyabr 2001-ci il, № 596.
Əlavə və dəyişikliklər: 1. 23 oktyabr 2003-cü il, № 958;
                                    2. 10 dekabr 2004-cü il, № 159;
                                    3. 7 fevral 2005-ci il, № 193.

1. «Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur). 2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 2001-ci il, № 11, maddə 704).
«Azərbaycan» qəzetində dərc edilmişdir (4 noyabr 2001-ci il, № 253).
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr
tarixli, 596 nömrəli Fərmanı ilə təsdiq edilmişdir



Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları

1. Ümumi müddəalar

1.1. Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları (bundan sonra «Qaydalar» adlanacaq) «Reklam haqqında» Azərbaycan Respublikası Qanununa, «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli, 644 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar şəhər və kənd yaşayış məntəqələrində, digər ərazilərdə küçə (divar) reklamının yerləşdirilməsinə icazə verilməsi, yol və yolətrafı zonalarda, nəqliyyat vasitələrində və poçt göndərişlərində reklamın yayımına razılıq verilməsi qaydasını müəyyən edir.

2. Küçə reklamının yerləşdirilməsinə icazə verilməsi qaydaları

2.1. Şəhər və kənd yaşayış məntəqələrinin, digər ərazilərin küçələrinin kənarlarında, meydan, park, bağ və binalarda, dayanacaqlarda, ticarət, köşk və yanacaqdoldurma pavilyonlarının günlüklərində, damlarda, vitrin və pəncərələrdə, yolayrıcılarında, körpü və estakadalarda, bina və hasarlarda, yeraltı keçidlərdə, hava şarlarının, aerostat və dirijablların və s. üstündə mülkiyyət formasından asılı olmayaraq, kommersiya məqsədi ilə reklamın istehlakçıya bilavasitə çatdırılması üçün istifadə olunan səyyar və stasionar işıqlı, qaz işıqlı, kənardan işıqlanan və ya işıqlanmayan, istənilən ayrıca dayaqlı lövhələr, stendlər, pannolar, plakatlar, ekranlar, tablolar, asqılar, göstəricilər, transparant və bayraqlar küçə reklam daşıyıcılarına aiddir.

2.2. Siyasi reklam, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, o cümlədən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında, önündə yerləşdirilmiş, həmin obyektlərin mənsubiyyətini, adını, ticarət markasını, iş recimini, firma nişanını göstərən lövhələr, fəaliyyət növünü istehlakçıya çatdıran vasitələr, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakat və digər informasiya vasitələri reklam daşıyıcıları hesab edilmir.

2.3. Hüquqi şəxslərin, xidmət və istehlak bazarı obyektlərinin reklam daşıyıcılarının mətnləri Azərbaycan dilində yazılmalıdır. Xarici dildə reklam ikinci mətn şəklində verilə bilər. Hüquqi şəxslərin, xidmət və istehlak bazarı obyektlərinin mövcud qaydada qeydə alınmış loqotip və nişanı olduqda onlar oricinaldakı kimi verilə bilər.

2.4. Azərbaycan Respublikasının şəhər və kənd yaşayış məntəqələrində, digər ərazilərində küçə reklamı daşıyıcıları rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən verilmiş icazə sənədlərinə əsasən yerləşdirilir.

2.5. Küçə reklamı daşıyıcısının yerləşdirilməsinə icazə verilməsi üçün tələb olunan xüsusi şərtlər aşağıdakılardır:

yol nişanları ilə oxşar olmamalı, yollarda görmə zonalarını və təhlükəsizliyi azaltmamalıdır;

yol nişanlarının görümlülüyünü məhdudlaşdırmamalıdır;

işıqları ilə nəqliyyat vasitələrini idarə edənlərin gözlərini qamaşdırmamalıdır;

mühəndis qurğularının üzərində yerləşdikdə estetik və konstruksiya baxımından həmin qurğunun ümumi görkəmini pozmamalıdır;

elə qurulmalıdır ki, onları görmək üçün piyadalar yolun hərəkət hissəsinə keçməsinlər;

yaşayış məntəqəsinin təsdiq olunmuş inkişaf planına uyğun və təhlükəsiz istismar üçün yararlı olmalıdır;

«Reklam haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olmamalıdır.

2.6. Küçə reklamı daşıyıcılarının yerləşdirilməsinə icazə verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

reklam yayıcısının ərizəsi;

reklamın yerləşdirilməsi və yayımı üçün müvafiq haqqın ödənilməsini təsdiq edən sənəd;

reklam daşıyıcısının yerləşəcəyi ərazinin rəngli fotosu;

reklam daşıyıcısının rəngli layihəsi və eskizi;

küçə reklamı bina, tikili və digər obyektlərdə yerləşəcəksə, bu barədə mülkiyyətçi ilə bağlanmış müqavilənin müəyyən olunmuş qaydada təsdiq edilmiş surəti;

reklam daşıyıcısının bu Qaydaların 2.5-ci bəndində göstərilən tələblərə uyğun olduğu barədə müvafiq orqanların rəyi.

2.7. Göstərilən sənədlər təqdim edildikdən sonra 30 gün ərzində reklam yayımına icazə verilməsi məsələsinə baxılmalıdır.

2.8. Küçə reklamının yerləşdirilməsinə verilən icazə sənədinin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

2.9. Tarix və mədəniyyət abidələri və komplekslərinin, dövlət ali idarəetmə orqanları binalarının, məscid və ibadətgahların, abidələrin ərazilərində və yaxınlığında reklam daşıyıcılarının yerləşdirilməsinə yol verilmir. Abidələrin ərazisi dedikdə, onu əhatə edən yolun orta xəttindən içəri olan ərazi nəzərdə tutulmalıdır. Tarixi əhəmiyyət kəsb edən binaların üstündə reklam daşıyıcıları, reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında birinci mərtəbə səviyyəsində yerləşdirilə bilər.

2.10. Yol şəraitinin real qiymətləndirilməsini çətinləşdirən və yol nişanlarına oxşar, yolda nəqliyyat vasitələri, piyada və heyvan olması təəssüratını yaradan reklamların qurulmasına yol verilmir.

2.11. Aşağıdakı hallarda açıq havada reklam daşıyıcılarının yerləşdirilməsinə icazə verilmir:

şəhərətrafı yolların kənarından 2 metrdən yaxın məsafədə;

yolayrıcılarında reklam vasitəsinin aşağı hissəsi ilə yer arasında məsafə 2 metrdən azdırsa;

nəqliyyat svetoforları və yol nişanları ilə bir müstəvidə olduqda.

2.12. Reklam daşıyıcıları yerləşdirilərkən aşağıdakı qaydalara riayət edilməlidir:

reklam daşıyıcısının kənarından səki daşınadək olan məsafə 1 metrdən az olmamalıdır;

reklam daşıyıcısının aşağı küncündən avtomobil yolunun örtüyünədək olan məsafə 2,5 metrdən, işıq dirəklərindən isə 4 metrdən az olmamalıdır. Yolun hərəkət hissəsində quraşdırılarkən isə həmin məsafə 4,5 metrdən az olmamalıdır;

reklam daşıyıcısının işıqlandırılması üçün elektrik və yanğın təhlükəsizliyi tələblərinə cavab verən, sənaye istehsalı olan işıq qurğularından istifadə olunmalıdır. İşıqlandırma qurğusu reklam daşıyıcısının konstruksiyasına etibarlı bərkidilməli, külək, qar və vibrasiya təsirlərinə davam gətirməlidir.

Küçə reklamı daşıyıcıları yerləşdirilərkən avtomobil yolları və küçələrə xidmətin rahatlığı, həmçinin yol hərəkətinin nizamlama vasitələrinin tətbiqi imkanları da nəzərə alınmalıdır.

Reklam vasitələrinin dayaqları müxtəlif materiallardan hazırlana bilər. Onlar möhkəm olub, təbii təzyiqlərə davam gətirməlidir.

Eyni istiqamətdə yerləşdirildikdə iki küçə reklamı arasında məsafə 50 metr, dirəklərə vurulduqda isə 25 metrdən az olmamalıdır.

3. Yol və yolətrafı zonalarda reklamın yayılmasına razılıq verilməsi qaydaları

3.1. Yol və yolətrafı zonalarda reklamın yayılmasına razılıq Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən bu Qaydaların 2.6-cı və 2.7-ci bəndləri ilə müəyyən edilmiş qaydada verilir.

3.2. Azərbaycan Respublikasının ərazisində yol və yolətrafı zonalarda yerləşdirilən reklam daşıyıcılarına ayrıca dayaqlı, düz səthli, bir və ya bir neçə üzlü qurğular, ayaqlı, işıqlandırılan reklam konstruksiyaları, oricinal konstruksiyalı reklam daşıyıcıları, işıq və ya digər dirəklərdə yerləşdirilən kronşteynlər, yolların üstündə qurulan reklam tağları aiddir.

3.3. Reklam daşıyıcısı aşağıdakı tələblərə cavab verməlidir:
yol nişanlarını bağlamamalı və onlara oxşar olmamalıdır, görmə zonalarını məhdudlaşdırmamalıdır;

torpağın yuyulma təhlükəsi olan zonalarda və tökülmə torpaq üzərində yerləşdirilməməlidir;

dəmir yolu keçidləri, tunellər və estakadalardan 350 metrdən az məsafədə yerləşdirilməməlidir;

hərəkət sürəti 60 km/saat məhdudlaşdırılan avtomagistrallarda ümumi sahəsi 48 kv.m. çox olmamalıdır;

yolun kənarından reklam daşıyıcısının hündürlüyünün azı 1,5 misli məsafəsində yerləşdirilməlidir;

bərkidici boltların hündürlüyü yer səthindən 20 millimetrdən çox olmamalıdır;

işıqlandırma və yanğına qarşı mühafizə sistemi ilə təmin edilməlidir;

yerləşdirilərkən yol hərəkəti təhlükəsizliyi və rahatlığı nəzərə alınmalıdır;

işıqlandırma dirəklərində və xüsusi konstruksiyalı binaların üzərində və s. yerləşdirilməməlidir;

yol müstəvisindən 4 metr, reklam tağları isə 6 metr hündürlükdə olmalıdır.

3.4. Reklam nişanları yol boyu xidməti sahələri göstərmək üçün qoyulur. Onların eni 1000 mm, hündürlüyü 1500 mm. olmalı, fonu sarı rənglənməlidir. Yazılar yol nişanları ilə bir xətdə yerləşdirilə bilməz.

Reklam nişanları işıqlanmalı və ya işığı əks etdirən xüsusi materiallardan hazırlanmalıdır.

3.5. Yol və yolətrafı zonalarda reklam yayımına verilən razılıq sənədinin forması Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilir.

4. Nəqliyyat vasitələrində reklamın yayılmasına razılıq verilməsi halları və qaydaları

4.1. Nəqliyyat vasitələrində reklamın yayılması nəqliyyat vasitələrinin mülkiyyətçiləri ilə bağlanmış müqavilələr və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsi tərəfindən bu Qaydaların 2.6-cı və 2.7-ci bəndləri ilə müəyyən edilmiş qaydada verilən razılığa əsasən həyata keçirilir.

4.2. Azərbaycan Respublikasının ərazisində müvafiq qaydada dövlət qeydiyyatından keçmiş, texniki cəhətdən saz və müvafiq xarici görkəmi olan, bu Qaydalarda göstərilən şərtlərə cavab verən nəqliyyat vasitələri reklam daşıyıcısı kimi istifadə edilə bilər.

4.3. Reklam nəqliyyat vasitələrinin aşağıda göstərilən səthlərində yerləşdirilə bilər: minik avtomobillərinin və mikroavtobusların qapılarında (arxa qapıdan başqa) və qanadlarının yan səthlərində;

tramvay, treleybus və avtobusların banında pəncərə xəttinə qədər olan arxa və yan səthlərində;

yük, yük-sərnişin, yük-furqon (bortunda ağ maili zolağı olanlardan başqa), qoşqu və yarımqoşquların banının arxa və yan səthlərində;

motosikllərin yanacaq baklarında və alətlər qutusunun qapağında.

4.4. Nəqliyyat vasitələrində reklam lövhələrinin, lövhəciklərinin, işıqlanan tabloların və bunlara bənzər reklamların yerləşdirilməsinə yol verilmir.

4.5. Reklamla nəqliyyat vasitələrinin rənginin 50 faizindən artıq dəyişdirilməsinə icazə verilmir.

4.6. Nəqliyyat vasitələrinin ön hissəsində reklam yerləşdirmək qadağandır.

4.7. İxtisaslaşdırılmış nəqliyyat vasitələrində reklam yerləşdirilməsi qadağandır.

4.8. Ətrafları qapalı nəqliyyat vasitələrinin üzərində reklam verilə bilər. Burada reklamın həcmi ümumi sahənin 60 faizindən çox olmamalıdır.

4.9. Nəqliyyat vasitəsinin arxa hissəsində firma nişanı, telefonlar, loqotiplər və ünvan göstərilə bilər. Bu halda reklam nəqliyyat vasitəsinin arxa hissəsinin ümumi sahəsinin 40 faizindən çox olmamalıdır.

4.10. Nəqliyyat vasitələrində yerləşdirilən reklam nəqliyyat vasitəsinin əsas rəngi ilə kontrast yaradan rənglə çərçivəyə ayrılmalıdır, onun sahəsi reklam yerləşdirilməsi üçün tətbiq edilən səthin 50 faizindən çox olmamalıdır.

4.11. Nəqliyyat vasitələrində dövlət qeydiyyat nişanları və dövlət fərqlənmə nişanlarının görünməsini məhdudlaşdıran yerlərdə, işıqlanma cihazları və şüşələrdə reklam yerləşdirilməsi, istehsalçı zavod tərəfindən nəzərdə tutulmamış xarici işıq cihazlarının reklam məqsədi ilə quraşdırılması qadağandır.

4.12. Dövlət standartına müvafiq olaraq rəng qrafikası olan təyinatlı avtomobillər reklam yayılması üçün istifadə edilə bilməz.

4.13. Xüsusi nəqliyyat vasitələrinin rəng qrafikasına, təsvirinə və sairə oxşar reklamların nəqliyyat vasitələrində yayılmasına icazə verilmir.

4.14. Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi üçün işıq əks etdirən və gözqamaşdırıcı lak-rəng materiallarından istifadə olunmamalıdır.

4.15. Nəqliyyat vasitələrində reklamın yayılma müddəti reklam yayıcısı ilə nəqliyyat vasitəsinin mülkiyyətçisi arasında bağlanmış müqavilədə nəzərdə tutulur.

4.16. Nəqliyyat vasitələrində reklam yayımına verilən razılıq sənədinin forması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsi tərəfindən təsdiq edilir.

5. Poçt göndərişlərində reklamın yayımına razılıq verilməsi halları və qaydaları

5.1. Poçt göndərişlərində reklamın yayılması üçün Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə ərizə və reklamın mətni və eskizi təqdim olunmalıdır.

5.2. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müraciətə öz münasibətini sənədlər təqdim olunduğu gündən etibarən 30 gün müddətindən gec olmayaraq bildirməlidir.

5.3. Poçt göndərişlərinin xidməti və xüsusi qeydlər, xidməti ştamplar, markalar və yarlıqlar üçün nəzərdə tutulmuş yerlərində reklam yerləşdirilməsi qadağandır.

5.4. Poçt göndərişlərində reklamın yayımına verilən razılıq sənədinin forması Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təsdiq edilir.

6. Metro stansiyalarında və metro qatarlarında reklam yayımına razılıq verilməsi qaydaları

6.1. Metro stansiyalarında və metro qatarlarında reklamın yayılmasına razılıq Bakı Metropoliteni tərəfindən bu Qaydaların 2.6-cı və 2.7-ci bəndləri ilə müəyyən edilmiş qaydada verilir.

6.2. Metro stansiyalarında və metro qatarlarında reklam yayımına verilən razılıq sənədinin forması Bakı Metropoliteni tərəfindən təsdiq edilir.

6.3. Reklam metropoliten nəqliyyatının aşağıda göstərilən səthlərində yerləşdirilə bilər:

metro stansiyalarının yerüstü vestibüllərində, damlarda, vitrin şüşələrində;

kassa zallarında, yeraltı keçidlərin divarlarında;

platforma divarlarında və orta zalda;

eskalator tunellərində;

metro vaqonlarının içində ayrıca pasportlaşdırılmış sahələrdə.

6.4. Reklamla metropoliten vasitələrinin rənginin 50 faizindən artıq dəyişdirilməsinə icazə verilmir.

6.5. Metropoliten vasitələrinin səthində reklamın həcmi 60 faizdən çox olmamalıdır.

6.6. Metropoliten vasitələrində yerləşdirilən reklam nəqliyyat vasitəsinin əsas rəngi ilə kontrast yaradan rənglə çərçivəyə salınmalıdır, onun sahəsi reklam yerləşdirilməsi üçün tətbiq edilən səthin 50 faizindən çox olmamalıdır.


6.7. Metropolitendə reklam yayımına yol verilməyən səthlər:

metroya aid hər bir qurğuların, avadanlıqların, aparatların üzərində;

metro vaqonlarının, banın, qapıların və yaxud şüşələrin üzərində;

metro vaqonlarının qabaq və arxa hissələrində;

metroya giriş və çıxış qapılarının üzərində.

ÇAP VERSİYASI